Uroloq
Uroloq qadın və kişilərin sidik-cinsiyyət sistemi xəstəliklərini müalicə edir. Urologiya andrologiya, ginekologiya və pediatriya kimi sahələrlə sıx əlaqədədir.
Kişi xəstələrində uroloq eyni zamanda androloji problemləri də həll edir. Belə mütəxəssis uroloq-androloq adlanır. O, sidik kisəsi, cinsiyyət orqanları və sidik yollarının iltihabi xəstəlikləri, böyrək daşı, cinsi infeksiyalar, cinsi zəifliyin müalicəsi, erkən boşalmanın aradan qaldırılması ilə məşğul olur.
Qadın cinsindən olan pasiyentlər uroloqa sidik sisteminin iltihabi patologiyaları, böyrək daşı xəstəliyi, uşaqlar isə sidik sisteminin inkişaf anomaliyaları səbəbindən müraciət edirlər.
Uroloqun ilkin qəbulu necə keçir?
İlkin konsultasiya anamnezin toplanmasi ilə başlayır: xəstədən şikayətləri soruşulur, keçirdiyi xəstəliklər haqqında məlumat alınır. Daha sonra sidik-cinsiyyət orqanlarının fiziki müayinəsi aparılır. Əgər xəstə kişidirsə, ilkin baxışda həkim – penis, xayalıq, qasıq limfa düyünləri, prostatı əllə yoxlayır.
Profilaktik məqsədilə 40 yaşdan yuxarı kişilərə ildə 1 dəfə uroloqun müayinəsindən keçmək tövsiyə olunur.
Qadın pasiyentlərdə uroloq ginekoloji kresloda müayinə apara bilər. Uşaqların müayinəsi isə valideynlərin iştirakı ilə aparmalıdır. Sidik-ifrazat sistemi xəstəliklərinin qarşısını almaq üçün uşaqları ildə 1 dəfə müayinəyə aparmaq məsləhətdir.
Daha sonra həkim xəstəni laborator və instrumental müayinələrə yönləndirir. Müayinənin nəticələrinə əsasən diaqnoz qoyulur və müalicə təyin edilir.
Uroloqun qəbuluna nə vaxt getməli?
Aşağıdakı əlamətlərlə qarşılaşdıqda uroloqun müayinəsinə getmək zəruridir:
sidik ifrazının ağrılı olması;
sidik kisəsinin tam boşalmaması hissi;
sidiyə getmənin çətinləşməsi;
sidiyin bulanıqlaşması və ya rənginin qəfil dəyişməsi, daxilində çöküntülərin olması;
prostatitə şübhə yaranması;
qarnın aşağı hissəsində ağrının baş verməsi.
Axırıncı 2 simptom temperaturun yüksəlməsi, əzginlik, iştahın uzunmüddətli azalması, susuzluq əlamətləri ilə müşayiət oluna bilər.
Bundan əlavə cinsi orqanlarda hər hansı dəyişiklik, ereksiyanın (penisin sərtləşməsi) pozulması, erkən və ya gec boşalma kimi şikayətlər yarandıqda uroloq-androloqun konsultasiyasına getmək lazımdır.
Uroloqun androloqdan fərqi nədir?
Uroloq həkimlərin androloqdan fərqi ondan ibarədir ki, androloq yalnız kişi cinsi orqanının xəstəlikləri ilə məşğuldur. Uroloq isə həm kişi, həm də qadınlarda sidik-ifrazat sisteminin patologiyalarını müalicə edir.
Urologiya
Hər ixtisas tərcümədə konkret bir orqanı, ya da orqanizmin fizioloji sistemini nəzərdə tutur. Aydın məsələdir ki, psixiatr psixi dəyişiklikləri, nevropatoloq isə sinir-əzələ keçiriciliyinin pozğunluqlarını müalicə edir. Uroloqlar ilə iş bir qədər çətinləşir.
Urologiya sözünün hərfi mənası “sidik haqqında elm” deməkdir. Sidiyin böyrəkdə əmələ gəlməsindən qaynaqlanaraq, uroloqla yanaşı, nefroloq, yəni böyrək xəstəlikləri və müalicəsi ilə məşğul olan ixtisas da mövcuddur. Bu mütəxəssislər arasında fərq böyükdür. Belə ki, nefroloqun terapevtik ixtiyarı var. Uroloq isə həm terapevtik, həm də operativ ixtiyarlara malikdir.
Urologiya nədir?
Urologiya elmi keçmiş dövrlərdən məlumdur. Hippokrat sidiyin rənginə görə orqanizmin vəziyyətini təyin edirdi. Parasels ilk dəfə böyrək daşı xəstəliyinin əməliyyatla müalicəsinitəklif etmişdir. Buna baxmayaraq urologiya ayrıca elm kimi XIX əsrin sonlarında yaranmışdır.
Urologiyanın tarixi
Urologiya müstəqil şəkildə 1588-ci ildə Madriddə Fransisko Diasın monoqrafiyasından sonra inkişafa başlamışdır. Bu traktat Hippokrat, Ərəstun (Aristotel), Qalen və İbn-Sinanın ənənəvi nəzəriyyələrinə əsaslanmışdı. Monoqrafiyada böyrəklərin quruluşu, böyrəkdə daşın patogenezi, diaqnostikası və müalicəsi o zamana görə ətraflı izah olunmuşdu.
Urologiya nə ilə məşğul olur?
Müasir dövrdə uroloqlar sidik-ifrazat sisteminin, həmçinin cinsi orqanların xəstəlikləri ilə məşğul olurlar. Bu, sidik yollarının anatomik olaraq cinsi orqanlara yaxın yerləşməsi ilə deyil, onların mənşəyi ilə əlaqəlidir. Belə ki, qeyd edilən orqanlar bətndaxili inkişaf dövründə eyni embrion səhifəsindən əmələ gəlir. Buna görə də cinsi yolla keçən infeksiyaların əksəriyyəti sidik axarlarında əks olunur. Və əksinə, ifrazat sisteminin iltihabi xəstəlikləri az və ya çox dərəcədə reproduktiv orqanları zədələyir.
Urologiya andrologiya ilə birləşdikdə
Son 10 illikdə uroloqlar ixtisaslarını bariz şəkildə genişləndirmişlər. Hazırda cərrah uroloqlar həm androloq, həm də herantoloq kimi fəaliyyət göstərirlər. Herantoloq – yaşlılarda sidik saxlamazlıq kimi problemlərin həlli ilə məşğul olur. Kişi sağlamlığı urologiyanın qolu olan andrologiyanın öhdəsinə düşür.
Müasir urologiya
Günümüzdə müasir texnologiyanın və lazerin tətbiqi uroloji əməliyyatların ətraf toxumaları zədələmədən, qan itkisi olmadan yüksək dəqiqliklə icrasına imkan verir. Onların sağalma dövrü ənənəvi əməliyyatla müqayisədə daha qısa sürür. Bundan əlavə cihazların ucundakı optik böyüdücülərlə, müxtəlif kameralarla qarın və çanaq boşluğunu açmadan dəridə kiçik dəlik yaratmaqla orqanın daxilini dəfələrlə böyüdülmüş formada görmək mümkündür.