Beyin şişləri çox təhlükəlidir?
- Beyin şişlərini xoşxassəli və bədxassəli olmaqla 2 yerə ayıra bilərik.
Xoşxassəli beyin şişlərində xərçəngli hüceyrəyə rast gəlinmir. Bu şiş əməliyyatla çıxarılır və çox nadir hallarda təkrar yarana bilər. Çevrədəkı normal toxumalara invaziya etmirlər. Lakin bu dediklərimdən xoşxassəli şişlərin zərərsiz olduğu düşünülməsin. Bu şişlər beynin anatomik və fizyoloji olaraq həssas bölgələrinə təzyiq edərək ciddi simptomlara, nevroloji defisitə səbəb ola bilər və ciddi həyati risk yarada bilər.
Bədxassəli beyin şişləri az differensasiyalı, sürətlə bölünən və böyüyən hüceyrələr tərəfindən meydana çıxır. Şişin çox sürətli böyüməsi səbəbi ilə müalicə edilmədiyi təqdirdə çox qısa zamanda normal beyin toxumasına zərər vurur, ciddi kəllədaxili təzyiq artışına səbəb ola bilir.
- Beyin şişləri hansı əlamətlərlə özünü büruzə verir?
- Beyin şişlərinin əlamətləri şişin yerləşmə yeri, böyüklüyü, növü, xəstənin yaşı və cinsiyyətinə bağlı olaraq dəyişir. Beyin şişləri aşağıda göstərilən simptomlardan biri və ya bir neçəsi ilə ortaya çıxır:
● Səhərlər şiddətlənən və getdikcə şiddətini artıran baş ağrıları
● Qıcolma, Epilepsiya
● Fışqırma tərzində qusma
● Nitq qabiliyyətinin pozulması və ya itməsi
● Görmə və ya eşitmənin pozulmasi və ya itməsi
● Müvazinətin pozulması
● Yerimənin pozulması
● Yaddaşla əlaqəli problemlər
Ancaq, bu əlamətlər, əksəriyyətlə, beyin şişi səbəbindən deyil, başqa bir sağlamlıq probleminə bağlı olaraq da ortaya çıxa bilər. Bu simptomları olan şəxslərin vaxt keçirmədən həkimə görünmələri erkən diaqnoz və müalicə baxımından böyük əhəmiyyət daşıyır.
- Beyin şişi diaqnozu necə qoyulur?
- Müayinə xəstənin şikayətləri diqqətli şəkildə soruşularaq detallı anamnez almaqla başlanır.
Sonra ətraflı nevroloji müayinə aparıldıqdan sonra müəyyən edilən ön diaqnoza görə Beyin Maqnit Rezonans Tomoqrafiyası (MRT) və ya Beyin Kompüter Tomoqrafiyası (KT) çəkilərək diaqnoz qoyulur.
Bəzən bu müayinələrə əlavə olaraq daha qabaqcıl radyoloji müayinələr və ya biyopsiya ilə diaqnozu müəyyənləşdirməyə ehtiyac yaranır. Müayinələr sonrası diaqnoz qoyulur və müalicə planlaması aparılır.
- Beyin şişi diaqnozu qoyulan xəstələr mütləq əməliyyat olunmalıdırmı?
- Xeyr, hər beyin şişi əməliyyat olunmur.
Bütün beyin şişlərinin müalicə taktikasında cərrahi müalicə məsləhət görülmür. Bəzi xəstələrə heç bir cərrahi müalicə tövsiyə edilmədən sadəcə klinik müşahidə tövsiyə olunur. Bəzilərinə sadəcə radioterapiya, bəzilərinə sadəcə kimyaterapiya, bəzi xəstələrə qapalı yolla stereotaktik yolla biopsiya alınması tövsiyə edilməkdədir.
Cərrahi olaraq müalicə edilən xəstələrdə isə bəzilərinə kombinasiyalı şəkildə neyroonkologiya konsiliumunda əməliyyat öncəsi və sonrası müəyyən edilmiş müalicələrlə müasir müalicə protokolları başlanılmaqdadır.
Bundan əlavə müalicə taktikasında mütləq xəstənin yaşı, cinsiyyəti, peşəsi, şişin lokalizasiyası, böyüklüyü və s. nəzərə alınaraq hər xəstəyə uyğun, yəni xəstəyə spesifik olaraq müalicə taktikası seçilməlidir. Müalicə taktikası hər xəstə üçün spesifik olaraq seçilir.