Laborator analizlərin verilmə qaydaları
Müxtəlif xəstəliklərin diaqnozunun dəqiq və vaxtında qoyulması laborator tədqiqatlarsız mümkün deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına istinadən laborator tədqiqatlar pasient haqqında 60%-80% diaqnostik informasiya verir. Təbii ki, yalnız analizlə diaqnoz qoyulmur. Laborator analiz növbəti addımın istiqamətini müəyyən edir. Ona görə də, mütəmadi profilaktik laborator müayinələr xəstəliyin vaxtında aşkar edilməsinə təminat verir.
Qan analizləri
Qanın kliniki və biokimyəvi analizi üçün:
- Qanın kliniki analizi səhər saatlarında ac qarına, son qida qəbulundan 8-10 saat sonra verilməlidir.
- Xolesterin və onun fraksiyalarının, yəni lipoproteinlərin qanda təyin olunması 12-14 saatlıq aclıqdan sonra aparılır.
- Hormonal müayinə mütləq qida qəbulundan öncə, səhər saatlarında aparılmalıdır.
- Acqarına verilən analizlər üçün səhər su qəbulu analiz nəticələrinə heç bir əks təsir göstərmir (qanda şəkər miqdarınının təyini analizi istisna olmaqla). Lakin, qəhvə, çay, şirələr isə qanın ümumi göstəricilərinə təsir edə bilər.
- Analiz verməzdən 2 saat öncə siqaret çəkməməli, fiziki iş və emosional faktorlardan uzaq olmaq lazımdır.
- Müayinədən 1-2 gün öncə qida rasionundan yağlı, qızardılmış yeməklər, alkoqollu içkilər çıxarılmalıdır.
- Mümkün olduqda (və həkim məsləhətinə uyğun olaraq) analizlər dərman preparatlarının qəbulundan ya əvvəl, ya da dərman qəbulundan 10-14 gün sonra verilməlidir. Əgər Siz analiz verəcəyiniz gün dərman qəbul etmisinizsə (və ya həkiminizin məsləhəti əsasında qəbul etdiyiniz dərmanların dayandırılması məsləhət olunmayıbsa), mütləq bu barədə həkiminizə məlumat verməlisiniz.
- USM, Rentgen, KT, MRT və Fizioterapiya müayinələrindən sonra qan analizi vermək məsləhət görülmür. Lakin, edildikdə, həkiminizə məlumat verməyiniz tövsiyə olunur.
Biokimyəvi müayinələr
- Lipidoqramma, xolesterin, triqliseridlər, yüksək və aşağı sıxlıqlı lipoproteinlər, qlükoza, qanın elektrolitləri və s. tam ac qarına verilir (qida qəbulundan 12-14 saat keçdikdən sonra).
- Sidik turşusunun səviyyəsinini müəyyən etmək üçün 2-3 gün əvvəl purinlərlə (qırmızı ət, qaraciyər, böyrəklər, ördək, bəzi dəniz məhsulları və s.) zəngin olan qida qəbul edilməməlidir. Ət, balıq, kofe və çayın istifadəsi məhdudlaşdırılmalıdır.
Hemostaz sistemi (koaquloqramma)
- Analiz tam ac qarına verilir. Qan verilməzdən öncə anti-koaqulyant preparatlarının qəbulu haqqında həkimə məlumat vermək lazımdır.
Qan qrupu və resuz əkscismlərinin təyini
- Analizə xüsusi hazırlıq tələb olunmur.
Hipofiz - böyrəküstü sistemin funksional vəziyyəti
- AKTH (adrenokortikotrop hormon) və kortizol üçün qan ac qarına verili və qan verməzdən əvvəl sakitləşmək lazımdır (stress qanda hormonların artmasına və nəticələrin yüksəlməsinənə təsir göstərir). Analiz saat 10.00-a qədər qəbul edilir.
Qalxanabənzər (tiroid) və qalxanabənzər ətraf vəzilərinin (paratiroid) funksiyası
- Qalxanabənzər vəz hormonları aybaşı tsiklindən asılı olmayaraq ac qarına verilir. Paratiroid hormonlar səhər saat 11:00 kimi tam ac qarına verilməlidir. İstisna hallar həkim müalicə həkimi tərəfindən təyin olunur.
Reproduktiv funksiyanın markerləri
- Qadınlarda fiziologiyasından asılı olaraq menstrual tsiklin günləri tədqiqatların nəticələrinə təsir edir. Buna görə də FSH, LH, prolaktin, estriol, estradiol, progesteron, DHEA-S, testosteron hormonlarının müayinəsinə hazırlıq zamanı menstrual tsiklin fazasını dəyərləndirmək lazımdır. Cinsi hormonların tədqiqatlarının aparılması zamanı müalicə həkiminin təyinatına əməl edərək menstrual tsiklin günlərinə uyğun qan vermək vacibdir.
İnfeksiyon xəstəliklər
- İnfeksiyalara qarşı tədqiqatlar aparan zaman nəzərə almaq lazımdır ki, yoluxma dövründən və immun sistemin vəziyyətindən asılı olaraq mənfi nəticələr alına bilər. Buna baxmayaraq, mənfi nəticə infeksiyanın olduğunu inkar etmir. Əgər mənfi nəticələr alınıbsa, bəzi testlərin (xüsusil əHepatit B və Hepatit C analizlərinin) bir müddət sonra təkrar verilməsi məsləhət görülür.
- İİV (QİÇS), siflis, hepatit müayinələri zamanı şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Sidik analizləri
Sidiyin ümumi analizi
Müayinə üçün yalnız səhər yuxudan oyandıqdan sonra ilk sidik laboratoriyaya təqdim edilməlidir. Sidik yığılmazdan öncə gigiyenik qaydalara riayət edilməlidir.
Qeyd: Aybaşı zamanı sidik analizi vermək məsləhət deyil.
Sidik quru, təmiz, steril qaba toplanmalı və 90 dəqiqə ərzində biomaterialların qəbulu bölməsinə çatdırılmalıdır. Bizim laboratoriyaya təqdim ediləcək analizlər üçün sizə sidiyin toplanması üçün xüsusi qab (konteyner) verilə bilər.
Sidiyin müayinəsinə 1 gün qalmış xəstə qida rasionundan rəngli meyvə və tərəvəzləri çıxarmalıdır və duzlu qidalar qəbul etməməlidir. Sidik turşusunun səviyyəsinini müəyyən etmək üçün 2-3 gün əvvəl purinlərlə (qırmızı ət, qaraciyər, böyrəklər, ördək, bəzi dəniz məhsulları və s.) zəngin olan qida qəbul edilməməlidir. Ət, balıq, kofe və çayın istifadəsi məhdudlaşdırılmalıdır.