parazit növləri
İnsan orqanizminə daxil olaraq orada yaşayan çoxsaylı parazit növləri mövcuddur. Qurd xəstəliyi istər böyüklərdə, istərsə də uşaqlarda rast gəlinən problemdir. Uşaqlar əsasən 3-12 yaşlarında bu xəstəliyə yoluxurlar.
Qurd xəstəliklərinə yoluxma yolları.
Əsasən ağız yolu ilə yoluxan bu xəstəlikdə əllərin gigiyenası, dırnaqların təmizliyi, meyvə-tərəvəzin yuyulduqdan sonra qəbul edilməsi çox diqqət tələb edən nüanslardır. Uşaqların orqanizmində eyni zamanda, bir neçə növ helmintlər (qurdlar) parazitlik edə bilir.
Qurd xəstəliklərinin fərqli əlamətləri.
Orqanizmdə çoxalan qurdların nematodozlar, enterobioz, askaridoz adlanan növləri var ki, bunların da hər birinin özünəməxsus əlamətləri var. Enterebiozlar gecə vaxtı anus nahiyəsində qaşınma ilə müşahidə olunur. Enterobioz adlanan qurd immun sistemini kəskin şəkildə zədələdiyi üçün təhlükəli hesab edilir. Bizquyruqlar bağırsaq və sidik kanalı iltihabını törədə bilirlər. Hətta appendiks çıxıntısına daxil olmaqla onlar appendisitə də səbəb ola bilərlər. Bəzi hallarda anus ətrafındakı qaşınma o qədər güclü olur ki, uşaq axşamlar çox pis yatır, tez-tez hirsli və qıcıqlanmış ayılır. Bu zaman uşaqlar ürəkbulanmadan şikayət edir, onların iştahaları azalır, baş ağrısı və qarın nahiyəsində ağrılar qeyd olunur.
Qurd xəstəliklərinin fəsadları.
Praktiki olaraq bütün orqan və toxumaları zədələyən bu parazitlər uşaq orqanizminin fiziki və əqli inkişafını da ləngidir. Qurd xəstəliyi düzgün müalicə olunmadıqda xroniki hala keçir. Orqanizmdə olan yumurtalar təmizlənmədikdə onlar yenidən aktivləşir və qurd çoxala bilir.