Qalxanabənzər vəzi xəstəlikləri necə təsnifləşdirilir?
Qalxanabənzər vəzi xəstəlikləri bəsit olaraq qalxanabənzər vəzinin az və ya daha çox işləməsi, qalxanabənzər vəzinin iltihablanması və qalxanabənzər düyünləri ilə qalxanabənzər vəzinin xərçəngi olaraq təsnifləşdirilə bilər.
Qalxanabənzər vəzinin az işləməsinin əlamətləri nələrdir?
Qalxanabənzər vəzinin lazım olandan az hormon ifrazı xəstələrdə bir çox şikayətə səbəb olur. Bunlardan ən vacibi çox asan kilo almaq və ya pəhriz saxlanmasına baxmayaraq kilo verə bilməmək, dərinin quru, qırışıq və xüsusilə göz ətrafında şiş olması, saç tökülməsi, halsızlıq və unutqanlıq, bağırsaqların tənbəlləşməsi, soyuğa qarşı həssaslıq və əl-ayaq üşüməsi, əzələ ağrıları və gücsüzlük, menstruasiya pozğunluğudur. Əgər şəxsdə bu əlamətlərin bir neçəsi mövcuddursa, qalxanabənzər vəzinin funksiyası mütləq yoxlanılmalıdır.
Qalxanabənzər vəzinin çox işləməsinin əlamətləri nələrdir?
Hipertiroid, yəni qalxanabənzər vəzinin lazım olandan çox hormon ifrazı ümumi olaraq maddələr mübadiləsini sürətləndirir və bundan qaynaqlanan şikayətlərə səbəb olur. Bunların başında iştahanın yaxşı olmasına baxmayaraq kilo itkisi, sakit vəziyyətdə nəbzin dəqiqədə 80-dən yuxarı vurması, döyüntü şikayətləri, təzyiqin yüksəlməsi, istiyə dözümsüzlük və gecə tərləmələri, yuxusuzluq, əsəb, dərinin davamlı olaraq nəmli/tərli olması, əzələ ağrıları və aybaşı pozğunluğu hesab edilir.
Qalxanabənzər vəzinin düyünləri və xərçəngi necə xəstəlikdir?
Qalxanabənzər düyünlər qalxanabənzər vəzinin əllə müayinədə asanlıqla hiss edilən tapıntısıdır. Tək və yaxud bir neçə düyün ola bilər. Düyünlər risk faktorlarına və kliniki vəziyyətinə görə ultrasəs müayinə, incə iynə aspirasiyası və sintiqrafiya ilə dəyərləndirilib lazım olan müalicə metodu tətbiq olunur..
Qalxanabənzər vəzinin xərçəngi digər xərçənglərin 1%-ni təşkil edir. Qadınlarda kişilərlə nisbətdə 3 dəfə daha çox müşahidə edilir. Ən əsas risk faktorları arasında baş və boyun bölgəsinə tətbiq edilmiş radioterapiya, radiasiyaya məruz qalmaq və qalxanabənzər vəzinin sintiqrafiyasında təsbit edilən “soyuq düyün” rol oynayır. Qalxanabənzər vəzinin xərçənginin müalicəsi cərrahi xarakter daşıyıb əməliyyatdan sonra xərçəngin növünə görə radioaktiv yod müalicəsi tətbiq edilir və ömür boyu izlənilməlidir.
Zob nədir?
Normal haldan təxminən iki dəfə artmış, yəni ağırlığı 40 qr-a çatmış qalxanabənzər vəziyə tibb dilində zob deyilir. Bir çox zobda bir və ya birdən çox düyünlər ola bilər. Zobun ən çox rast gəlinən səbəbi qida qəbulundakı yod çatışmazlığıdır, lakin inkişaf etmiş ölkələrdə süfrə duzuna yodun əlavə edilməsi zobun tibbi problem olmasının qarşısını almışdır.
Qalxanabənzər vəzi harada olur və xidmətləri nədir?
Qalxanabənzər vəzi boynun ön qismində yerləşən yetginlərdə ağırlığı 15-25 qr arasında dəyişən və hər biri 3 sm uzunluğa çatan iki pay ilə bu payları bağlayan “isthmus” adlanan körpüdən ibarət kəpənək formasında orqandır. Qalxanabənzər vəzi T3 və T4 hormonlarını ifraz edərək ürək və sinir sistemi ilə əlaqədar funksiyaları yerinə yetirir.