Ürək və damar xəstəlikləri
Ürək-damar xəstəlikləri əsasən bu başlıqlar kimi təsnif edilə bilər:
1. Anadangəlmə ürək qüsurları
2. Qazanılmış ürək qüsurları
3. Ürəyin işemik xəstəliyi və ürəyin digər xəstəlikləri
4. Aorta və digər arteriyaların xəstəlikləri
5. Venoz damar patologiyaları
1. Anadangəlmə ürək qüsurları
bətndaxili inkişaf mərhələsində müxtəlif səbəblərdən əmələ gələn inkişaf pozğunluqlarıdır. Xalq arasında "ürəyi dəlik uşaq" olaraq bilinən anadangəlmə ürək xəstəliklərinin yüzlərlə müxtəlif forması vardır. Bu pozğunluqlar, ürəyin qulaqcıqlar və ya mədəciklərarası divarın defekti (dəliyi), ürəyə gələn və ya ürəkdən çıxan damarlardakı anomaliyalar, ürək qapaqlarında darlıq və ya çatmamazlığa səbəb olan anomaliyalar, tac damarlardakı anomaliyalar, mədəcik və ya qulaqcıqların inkişaf pozğunluqları və ya yuxarıda saydığımız qüsurlardan bir neçəsinin bir yerdə olduğu ürək inkişaf pozğunluqları şəklində ola bilər. Bu xəstəliklərin bəziləri yüngül, bəziləri orta dərəcədə, bəziləri isə çox ağır və mürəkkəb ola bilər. Bu qüsurlar açıq ürək əməliyyatı vasitəsilə aradan qaldırılır.
2. Qazanılmış ürək qüsurları
anadangəlmə olmayan, sonradan qazanılan ürək xəstəlikləridir. Bu xəstəliklər arasında ən çox rast gəlinən qapaq xəstəlikləridir. Ürək içində olan və qanın axış istiqamətini təyin edən 4 qapaq mövcuddur. Bunlar aortal, mitral, tricuspid və pulmonar qapaq adlanılar. Zamanla və müxtəlif səbəblərə görə (revmatizm, yaşa bağlı kirəcləşmə, infeksiyalar və travma nəticəsində zədələnmə) qapaqların funksiyası pozulur. Qapaqlarda daralmalar və ya çatışmazlıqlar əmələ gəlir. Ən çox zədələnən aortal və mitral qapaqlardır. Belə hallarda funksiyasını icra edə bilməyən qapaqlar ya təmir olunur və ya “süni ürək qapağı” ilə dəyişdirilir. Ürək qapaqları mexaniki və ya bioloji qapaqla (protezlə) əvəz olunur. Mexaniki qapaq daha dayanıqlıdır, ancaq ömür boyu qan durulducu dərman istifadəsini tələb edir. Bioloji qapaq isə daha qısa ömürlüdür (10-15 il) ancaq qan durulducu dərman istifadəsi tələb etmir.
Ürəyin işemik xəstəliyi
koronar ürək xəstəliyi, ən çox rast gəlinən ürək xəstəliyidir. Ürəyi qidalandıran tac damarlardakı daralma və tıxanmalara özünü biruzə verən ürəyin işemik xəstəliyi ölümə ən çox səbəb olan xəstəliklərdən biridir. Ürəyin tac damarlardakı daralma və tıxanmalar angioplastika – dərmanlı və dərmansız stent (PTCA) və aorta-koronar şuntlanma əməliyyatı ilə aradan qaldırılır. Ürəyi qidalandıran damarlardakı daralmanın müalicəsi məqsədi ilə, ürəkdən çıxan ana arteriya (aorta) və ürəyin öz damarlardakı (tac arteriyalar) daralma yerindən daha aşağı hissəsi arasında damar körpüləri yaratma əməliyyatı “aorta-koronar şuntlanma əməliyyatı” adlandırılır. Bu əməliyyat da qapaq əməliyyatında olduğu kimi açıq ürək əməliyyatı tələb edir.
4. Aorta və digər arteriyaların xəstəlikləri.
Arteriyalar ürəkdən çıxan təmiz qanı orqanlara çatdırmaq kimi vacib funksiyanı yerinə yetirdiklərinə görə, onlarda baş verən dəyişiklik və ya zədələnmə, orqanların uzunmüddətli “işemiyasına” (oksigensiz qalmasına) və bunun nəticəsində orqanların həyati qabiliyyətini itirməsinə səbəb olur. Aorta və digər arteriyaların xəstəliyi anadangəlmə və ya qazanılmış ola bilər. Aorta anevrizması və aorta disseksiyası. Ürəkdən çıxan ən böyük damar olan aortanın, uzun müddət yüksək təzyiqə məruz qalması nəticəsində daxili divarından başlayaraq soyulmasına “aorta diseksiyası” və bunun nəticəsində aorta divarında əmələ gələn “torba” şəklindəki törəməyə “anevrizma” adı verilir. Anevrizmanın diametri 5,5-6 sm çatdıqda “yırtılma” riski olduqca yüksəkdir. Anevrizmanın yırtılması isə son dərəcə həyati təhlükə daşıyan bir vəziyyətdir. Aorta damarındakı anevrizmanın yerinə görə, kliniki şəkil fərqli olur. Xəstəyə dərhal düzgün diaqnoz qoyulub, təcili əməliyyat aparılmalı və anevrizmalı aorta, süni damar protezi ilə əvəz olunmalıdır.