Get a consultation
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
REGISTER FOR ADMISSION

BAKU CLINIC CENTER

Mioma - Hamiləlik - Ginekologiya - Aytən İbrahimova (Mama-ginekoloq)

Hamiləlik zamanı uşaqlıq mioması təhlükəlidirmi?


Müasir mamalığın ən mürəkkəb problemlərindən biri də – uşaqlıq miomasının hamiləliklə birlikdə rast gəlinməsidir. Pasientlərin əksəriyyətində belə vəziyyət normal keçir. Lakin ağır fəsadlar riski həmişə var və onlar nəinki hamiləliyin, hətta uşaqlığın da itirilməsilə nəticələnə bilər.

Qadınları həmişə bu sual maraqlandırır: uşaqlıq mioması ilə hamilə qalmaq olarmı? Hamiləlik ehtimalı şiş ocaqlarının yerləşməsindən, onların sayından və ölçüsündən asılıdır. Uşaqlığın kiçik ölçülü şişlərində hamiləliyin baş tutması və gedişi normal ola bilər. Böyük düyünlərdə, əsas da uşaqlıq boynunun yuxarısında və boruların dəliklərinə yaxın yerləşdikdə hamilə qalmaq ehtimalı elə də çox deyil. Əgər embrion formalaşmışsa, ağırlaşma riski yüksəkdir.


Hamiləlik zamanı uşaqlıqda baş verən dəyişikliklər


Uşaqlıq mioması və hamiləlik bir-birinə təsir edir. Hamiləlik zamanı miomatoz düyünlər dəyişir, eyni zamanda ciftin funksiyaları pozulur.

Şiş düyünlərinin qandövranı və qidalanması pozulur. Əsas da belə dəyişikliklər uşaqlığın xarici səthində peritonaltı yerləşən kiçik ölçülü tək düyünlərdə baş verir. Subseroz mioma həmçinin şişin ayaqcığının burulması ilə ağırlaşa bilər. İntensiv fiziki aktivlikdə, uşaqlığın hipertonusunda, ödem və arterial təzyiqin qalxması ilə keçən hamiləlik hestozlarında belə vəziyyətin riski artır.

Miomatoz düyünə qansızma olduqda və ya onun qan damarlarından sürətlə böyüməsi zamanı, mioma toxumasının degenerasiyası baş verir.

Plasenta iri miomatoz ocağın üstündə yerləşdikdə zədələnir. Bu zaman cift damarlarının quruluşu pozulur, onlar qısalır, tez-tez tromblaşır. Xorionun xovları yaxşı inkişaf etmir, distrofik olur. Nəticədə plasentar çatmamazlıq inkişaf edir.

Cift qandövranının pozulması özünü daha bariz şəkildə gec dövrlərdə, əsasən doğuşdan qabaq bildirir. Buna görə də, belə qadınlara hamiləliyin 38-39 həftəsində planlı keysəriyyə əməliyyatı məsləhət görülür.


Hamilələrin müayinəsi


Əvvəlcə sorğu aparılır, hamiləlik və doğuşların sayı, abortların və uşaqlıqda əməliyyatların aparılması dəqiqləşdirilir. Bu xəstəliyə irsi meyl aydınlaşdırılır. İnkişaf etməmiş hamiləliklərin, düşüklərin, ölü doğulmuş uşaqların olması qeyd edilir.

Ümumi klinik müayinə ilə sağlamlıq vəziyyəti qiymətləndirilir. Şəkərli diabet, pielonefrit, hipertoniya xəstəliyi kimi vəziyyətlərə xüsusi diqqət yetirilir.

Ginekoloji müayinə ilə düyünlərin yeri və ölçülərini təyin edirlər. Alınmış məlumatlar ultrasəs müayinəsilə təsdiqlənməlidir. USM şiş ocaqlarının sayını, yerləşməsini, böyümə xarakterini, onların ölçülərini, strukturunu, ciftə münasibətini təyin etməyə imkan verir. Bundan başqa, həkim onun köməyilə dölün inkişafına nəzarət edə bilir.


Uşaqlıq miomasında hamiləlik patologiyasının risk faktorları


  • fəsadlı mamalıq anamnezi (sonsuzluq, keçmişdə həyat qabiliyyəti olmayan uşağın doğulması);
  • uşaqlıqda əvvəllər aparılan əməliyyatlardan sonrakı çapıqlar;
  • yanaşı gedən xəstəliklər, məsələn kiçik çanaq venalarının varikoz xəstəliyi;
  • düyünlərin yerləşmə xüsusiyyətləri – əzələdaxili, boyun, boyunətrafı, aşağı seqmentdə;
  • ən böyük düyünün ölçüsünün 8 sm-dən böyük olması;
  • ağır miomatoz dəyişikliklər, yəni beş və daha çox düyünün olması;
  • orqanın boşluğunun deformasiyasına səbəb olan, selikaltı düyün;
  • ciftin düyünün üstündə yerləşməsi;
  • miomatoz düyünün ödemi, nekrozu, distrofiyası;
  • yaşın 30-35-dən çox olması, hansı ki bu dövrdə uşaqlığın dartılma və yığılma qabiliyyəti azalır.

Beləliklə, uşaqlığında çapığı və yanaşı gedən xəstəlikləri olmayan, 8 sm-lik 5-ə qədər düyünü olan cavan qadınlarda fəsadların ehtimalı aşağıdır. Bu düyünlər orqanın cismində və ya dibində yerləşir, qadında xoşagəlməz hisslər törətmir və bayıra inkişaf edir. Cift düyündən uzaqda yerləşir. Kiçik ölçülü uşaqlıq miomaları böyümür. Dölün inkişafı adətən fəsadsız keçir. Bəzən döl böyüdükcə miomatoz düyünlər bu və ya digər istiqamətə yerlərini dəyişərək orqanı deformasiya edir. Digər hallarda hamilə yüksək risk qrupuna aid edilir. Ona hamiləliyin pozulması təklif edilə bilər.


Mioma fonunda hamiləlik fəsadları


Spesifik fəsadlara aiddir:

  • miomatoz düyünlərdə qandövranının pozulması;
  • şişin boyun-boyunətrafı yerləşməsində istmiko-servikal çatmamazlıq;
  • şişin tez böyüməsi;
  • fetoplasentar çatmamazlıq;
  • çanaq venalarının trombozu;
  • miomektomiyadan sonrakı çapığın cırılması.

Qeyri-spesifik fəsadlara aiddir:

  • düşük və ya erkən doğuşlar;
  • ciftin vaxtından əvvəl qopması;
  • xorion xovlarının uşaqlığa çox girməsi;
  • hestoz;
  • anemiya.

Yüksək riskli qadınlarda düşük tezliyi 60%-dir, erkən doğuşlar belə pasientlərin dörddə birində olur. Hamiləliyin pozulma təhlükəsi olduqda spazmolitik vasitələr, antiaqreqantlar, vitaminlər və Düfastondan ibarət ümumi müalicə sxemi istifadə olunur. Yataq rejimi təyin olunur, cinsi və fiziki gərginliklərdən imtina məsləhət görülür.

İstmiko-servikal çatmamazlıqda miomatoz düyünü zədələməmək üçün, boyuna tikişlər qoyulmur. Yataq rejimi və Ginipral istifadə olunur.

Şişin tez böyüməsi zamanı, düyünün qidalanmasını yaxşılaşdıran antiaqreqantlar (Kurantil) təyin olunur. Daha ağır hallarda spazmolitiklər, tokolitiklər, təzə dondurulmuş plazma, hepatoprotektorlar göstərişdir.

Plasentar çatmamazlığın profilaktikası məqsədilə yüksək risk qrupunda Aspirin, Kurantil, polivitaminlər və fol turşusu tətbiq edilir. Onun müalicəsi stasionarda aparılır. Reopoliglükin, təzə dondurulmuş plazma, Trental, Aktovegin, Eufillin, Maqne B6, Kurantil təyin olunur.

Hamiləlik zamanı uşaqlıq mioması düyünün qidalanmasının pozulması ilə fəsadlaşa bilər. Bu zaman, qarnın aşağısında müxtəlif xarakterli ağrılar əmələ gəlir, bədən temperaturu qalxır, qadının ümumi vəziyyəti pisləşir. Hamiləliyin pozulma təhlükəsi yaranır. Müalicəyə spazmolitiklər, antibakterial və desensibilizasiyaedici vasitələr aiddir. Əgər müalicənin 3-5 gün ərzində effekti olmazsa, düyünün çıxarılması əməliyyatı (miomektomiya) aparılır. Lakin, bu, yalnız subseroz miomalarda mümkündür.


Cərrahi müdaxilə tələb edən hallar:


  • düyünün nekrozu (irinli parçalanması);
  • peritonit;
  • miomanın bədxassəli transformasiyası;
  • uşaqlığın kiçik çanaq boşluğunda boğulması;
  • düyünün kapsulunun dağılması.