Ürəyin işemik xəstəliyi - Kardiologiya - Sevinc Mehdiyeva (Həkim - kardioloq)
Ürəyin işemik xəstəliyi - Kardiologiya - Sevinc Mehdiyeva (Həkim - kardioloq)
Ürəyin işemik xəstəliyi (ÜİX) – çox təhlükəli və, əfsuslar olsun ki, insanlar arasında çox yayılmış xəstəlikdir.
Ürəyin daxili qişası, qanın tərkibindən ona qidalı maddələrin və oksigenin daxil olmasına imkan vermədiyi üçün, ürək öz qan təchizatı sistemindən asılıdır.
Ürəyin qanla təchiz edilməsi aorta damarından ayrılan koronar arteriyalar vasitəsi ilə baş verir. Ürəyin işemik xəstəliyi məhz bu koronar arteriyalarda qanın miqdarının azalması nəticəsində baş verir. Bu isə koronar arteriyalarda baş verən spazm, iltihabi proses və ya onların divarında əmələ gələrək damarın daralmasına səbəb olan aterosklerotik düyünlərin səbəbindən olur.
Ateroskleroz
Ateroskleroz – ÜİX-nin ən çox təsadüf edən səbəblərindən biridir.
Bəs, aterosklerozun özu nə deməkdir? Ateroskleroz – tədricən baş verən proses olub, arteriyaların divarında xolesterinin yığılması nəticəsində baş verir. Xolesterin – yağabənzər maddə olub, orqanizmdə bəzi hormonların, D vitamininin sintezində, qidanın həzm edilməsi üçün tələb olunan öd turşularının hazırlanmasında istifadə olunur. Xolesterin həmçinin hüceyrə qişasının tərkibinə də daxildir. Orqanizm üçün xolesterin nisbətən az miqdarda tələb olunur. Qanda olan artıq xolesterin isə müxtəlif yerlərdə, həmçinin arteriya damarlarında yığılır.
Bəs, bu halda nə baş verir?
Sağlam koronar arteriya rezin boruya bənzəyir. O, hamar və elastikdir və qan da onun daxili ilə sərbəst şəkildə hərəkət edir. Orqanizmə daha çox oksigen lazım olarsa (məsələn, fiziki gərginlik zamanı) sağlam koronar arteriya gərilərək ürəyə daha çox qan gəlməsini təmin edir. Ateroskleroz ilə zədələnmiş arteriya isə, çirklənmə nəticəsində daralmış su boruya bənzəyir. Aterosklerotik düyün həm arteriyanın mənfəzini daraldır, həm də damar divarının elastikliyini azaldaraq onu sərtləşdirir. Bunun nəticəsində ürək əzələsinə - miokarda gələn qanın miqdarı kəskin şəkildə azalmağa başlayır. Ürək daha güclü şəkildə işləməyə başlayanda belə arteriya genişlənərək ürək əzələsinə daha çox qan və oksigen gətirilməsini təmin edə bilmir.
Aterosklerotik düyün xeyli böyük olaraq arteriyanın mənfəzini tam şəkildə tutarsa və ya bu düyün dağılaraq qan kütləsi ilə birlikdə arteriyanın mənfəzini tam şəkildə qapayan tromb əmələ gətirərsə, miokardın həmin sahəsinə qan gəlmədiyi üçün onun hüceyrələri məhv olurlar. Bu yolla miokardın infarktı inkişaf edir. Miokard infarktından başqa ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmazlığının, ürəyin qəflətən dayanmasının da səbəbi ola bilər.
Ürəyin işemik xəstəliyinin əlamətləri
- siqaret çəkilməsi;
- hipertoniya;
- şəkərli diabet;
- düzgün qidalanmamaq, yağlı, qızardılmış, duzlu qidalardan çox istifadə etmək;
- irsi meyllilik;
- az hərəkətli həyat tərzi