Panç Biopsiya
Panç sözü ingilis dilindən tərcümədə dəlikaçan deməkdir. Reallıqda panç – borulu skalpeldir. Bu alət xarici görünüşünə görə qələmə oxşayır. Bu qələmin ucunda isə kəsici kənarları olan metallik silindr yerləşir.
Dərinin müayinə olunan zonasına borulu skalpeli yeridərək həkim sütunşəkilli toxuma hissəsi və ya bioptat əldə edir. Bu bioptatın daxilində dərinin səthi və dərin qatları (epidermis və derma) ilə bərabər həm də dərialtı piy təbəqəsi (hipoderma) də daxil olur. Borulu skalpellər müxtəlif diametrlərdə,2-8 mm. ola bilərlər. Buna görə də toxuma sütunu da ölçücə fərqlənəcək.
Panç biopsiyasının üstünlüyü ondan ibarətdir ki, boyük sahədə dərini zədələmədən dərində yerləşən toxuma hissəsini götürməyə imkan verir.
Göstərişlər
Panç bopsiya bir sıra dəri xəstəliklərinin diaqnostikasında tətbiq edilir:
- Dərinin bakterial, virus və göbələk infeksiyaları ilə yoluxması;
- Dermatit və dermatoz mənşəli qeyri-infeksion xəstəliklər;
- Dərinin müxtəlif xoşxassəli törəmələri;
- Bədxassəli törəmələr – xərçəng, melanoma;
- Dəri vərəmi;
- Dəri amiloidozu;
- Dəri retikulyozu;
- Sistem kollagenozlar – qırmızı qurdeşənəyi, sistem sklerodermiyası, dermatomiozit, düyünlü periarterit zamanı dərinin zədələnməsi;
- Mübadilə pozğunluqları və avitaminoz zamanı dəridəki dəyişikliklər;
- Qızarma, patoloji səpkilər, piqmentasiyanın pozulması ilə müşahidə olunan istənilən digər dəri xəstəlikləri;
Panç biopsiya ancaq diaqnostika məqsədilə deyil, həm də xəstəliyin müalicəsinin effektivliyini təyin etmək üçün də istifadə olunur. Patoloji sahədən toxuma sütunu, törəmənin cərrahi götürülməsindən sonra əldə olunur.
Metodika
Panç biopsiyadan əvvəl dəriyə heç bir kosmetik və dərman preparatı çəkmək olmaz. Başqa hazırlıq işləri tələb olunmur. Bioptatın alınması üçün panç patoloji ocaq nahiyəsində dəri səthinə tam perpendikulyar yerləşdirilir. Sonra sirkulyar skalpel saat əqrəbinin əksi istiqamətində fırlatma hərəkətləri ilə tələb olunan 3-7.5 mm dərinliyinə yeridilir və daha sonra çıxarılır.
Yaranmış dairəvi dəri defekti iynə vasitəsilə qaldırılır və əsası nahiyəsindən kəsilir. Prosedur ağrılı olduğu üçün yerli keyitmə altında aparılır. Əldə olunmuş material əşya şüşəsində fiksasiya olunur və laboratoriyaya göndərilir. Nəticə 5-12 gün ərzində hazır olur. Bioptat götürüləndən sonra əmələ gəlmiş dəri defekti tikilir, antiseptik sarğı və ya bakterisid plastırla örtülür.
Əks-göstərişlər:
- Hamiləlik;
- Yerli anestetikə allergik reaksiyalar;
- Qan laxtalanmasının ləngiməsi;
- Qanı duruldan preparatların qəbulu;
- İltihabəleyhinə preparatların qəbulu (nəticəni təhrif edir)
Digər allergik, xroniki xəstəliklər və mütəmadi olaraq qəbul edilən dərman preparatları haqqında həkim məlumatlandırımalıdır.