Qəbula yazıl
(+994 12) 520 02 02
(+994 50) 620 02 02
info@bkm.az
QƏBULA YAZIL

BAKI KLİNİKİ MƏRKƏZ

Uşaqlıq borularının müayinəsi necə aparılmalıdır? - Aytən İbrahimova (Mama-ginekoloq)


Uşaqlıq borularının yoxlanılması

Ginekoloji praktikada ultrasəs müayinəsi (USM) kiçik çanaq orqanları xəstəliklərinin diaqnostikasında ən informativ üsullardan biridir. HSQ (rusca QSQ) və ya histerosalpinqoqrafiya — uşaqlıq boşluğu və uşaqlıq borularının anatomik və funksional vəziyyəti haqqında daha tam məlumat əldə etməyə imkan verən, başqa bir vizualizasiya metodudur. Xüsusilə də, o, sonsuzluğun səbəblərini araşdırmaq üçün geniş istifadə olunur. Eyni zamanda ona boruların yoxlanılması deyilir.

Histerosalpinqoqrafiyaya hazırlıq

Prosedurun aparılma vaxtı ehtimal olunan diaqnozdan və müayinənin aparılma məqsədlərindən asılıdır. Uşaqlıq borularının keçiriciliyini qiymətləndirmək və həmçinin daxili endometrioz və adenomiozun olub-olmamasını bilmək üçün QSQ menstrual tsiklin 5-8-ci günü, istmiko-servikal çatışmazlığa şübhə olduqda isə – onun ikinci fazasında (18-20-ci gün) həyata keçirilir. Submukoz (selikaltı) miomatöz düyünün həcmini və sərhədlərini təyin etmək üçün, müayinəni menstrual tsiklin istənilən günü aparmaq olar, bir şərtlə ki, cinsiyyət yollarından ifrazat çox olmasın.

Göstərişlər və əksgöstərişlər


  • Uşaqlıq borularının keçməməzliyi.
  • İstmiko-servikal çatışmazlıq — servikal kanalın və onun daxili dəliyinin 5-7 mm-ə qədər genişlənməsi.
  • Uşaqlıq və artımlarının inkişaf anomaliyaları.
  • Submukoz mioma və ya sinexiyalar (uşaqlıq boşluğunda bitişmələr).
  • Adenomioz, uşaqlığın selikli qişasının xərçəngi və polipi, vərəmin genital forması.

Hazırlığın bir mərhələsi də pasientə ginekoloqun baxması və yalnız göstərişləri deyil, eyni zamanda, əskgöstərişlərin də müəyyənləşdirilməsidir.


Əksgöstərişlər:


  • Hamiləliyin olması ehtimalı.
  • Hamiləlik və südvermə.
  • Cinsiyyət yollarından qanlı ifrazat.
  • Kəskin infeksion xəstəliklər.
  • Vaginanın təmizliyinin II dərəcədən aşağı olması və sidik-cinsiyyət yollarının kəskin iltihabi prosesləri – bartolinit, vaginit, servikit, endometrit, salpinqooforit, uretrit, sistit, pielonefrit.
  • Ağır xronik somatik xəstəliklər.

Şərtlər:


  • müayinəyə 7 gün qalmış və prosedurdan sonra 3 gün ərzində bütün müalicəvi vaginal vasitələrin istifadəsinin dayandırılması, əgər onlar həkim tərəfindən təyin edilməmişdirsə;
  • müayinə planlaşdırılan dövrdə cinsi əlaqədən imtina və ya sonuncu menstrual tsikl ərzində kontrasepsiyanın istifadəsi;
  • prosedurdan 1-2 gün öncə və 2-3 gün sonrakı müddət ərzində cinsi əlaqədən imtina;
  • müayinəyə 3-4 gün qalmış bağırsaqlarda qaz əmələ gətirən məhsulların qida rasionundan çıxarılması, prosedurdan əvvəlki gecə və prosedur günü səhər bağırsağın imaləsi.

Müayinə necə aparılır?


İstifadə olunan avadanlıqdan asılı olaraq müayinənin iki variantı var — kontrastlı rentgen (Rg-QSQ) və sonoqrafik və ya ultrasəs (US-QSQ). Bütün hallarda, histerosalpinqoqrafiya anesteziya olmadan, acqarına aparılır.

Prosedur pasientə narahatlıq, qarnın aşağı hissəsində xoşagəlməz hisslər və zəif ağrı verə bilər. Bu səbəbdən psixo-emosional pozğunluq və yüksək oyanıqlıq zamanı və həmçinin prosedurdan qorxu olduqda və pasientin xahişi ilə sedativ preparatlardan və ya adekvat dozada ümumi venadaxili anesteziyadan istifadə etmək mümkündür.

Prosedur rentgen və ya USM kabinetində aparılır. İlkin müayinədən və narkoza (zəruri olduqda) girişdən sonra, uzunluğu 35 sm, diametri 0,2 sm olan xüsusi kateter servikal kanala daxil edilir. O, uşaqlıq boşluğunun hermetikliyini təmin edən, konus formalı xüsusi balonla təchiz olunub.

Kanyulanın xarici dəliyindən servikal kanala şprislə 2,5-3 ml həcmində xüsusi rentgenokontrast və ya exokontrast məhlul yeridilir, sonra isə ya rentgen-şəkil çəkilir, ya da USM aparatında baxılır. Daha sonra, təxminən 4 ml kontrast məhlul yenə əlavə edilir ki, uşaqlıq boşluğu tam dolsun və maye uşaqlıq boruları ilə keçərək çanaq boşluğuna tökülsün (uşaqlıq borularının keçiriciliyini yoxlamaq üçün). Bu da baxış və ya görüntüylə fiksasiya olunur. Lazım olarsa, əlavə 3-4 ml məhlul yenə yeritmək olar. Məhlulun ümumi həcmi sonda 10-20 ml təşkil edir.

İstmiko-servikal çatışmazlığı müayinə etmək üçün adrenal-progesteron testi aparılır. QSQ-ni aybaşı tsiklinin 18-ci günü apardıqda, servikal kanal və onun daxili dəliyinin normada kəskin daralması təyin edilməlidir. Əgər onlar genişdirsə, yuxarıda göstərilən sınaq həyata keçirilir.

Bu, pozğunluqların üzvü və ya funksional olmasını təyin etməyə kömək edir. Sınağın mahiyyəti ondan ibarətdir ki, dəri altına 0,5 ml 0,1%-li adrenalinin məhlulu yeridilir. Bundan 5 dəqiqə sonra kontrol QSQ aparılır. Əgər servikal kanalın daralması baş vermirsə, həmin günün axşamı əzələdaxili oksiprogesteron kapronat (0,125 q) inyeksiya edilir və 4 gün sonra əvvəlki prosedur təkrarlanır.

Sarı cismin defisiti ilə əlaqədar yaranan funksional servikal çatışmazlıqda, oksiprogesteronla korreksiyadan sonra kanalın kəskin daralması baş verir, üzvü mənşəli çatışmazlıqda isə genişlik əvvəlki vəziyyətində qalır.


Beləliklə, ultrasəs və rentgenoloji histerosalpinqoqrafiya texniki cəhətdən demək olar ki, bir-birindən fərqlənmir. İnformativlik dərəcəsi baxımından da eynidirlər. Metodların əsas fərqləri aşağıdakılardır:

  • Tətbiq edilən kontrast məhlullar. US-QSQ zamanı, allergik reaksiya verməyən exokontrast məhlullar — 10%-li qlükoza və ya qalaktoza qranulat preparatı – exovist istifadə edilir. Rentgenoloji QSQ üçün isə yod tərkibli rentgenokontrast preparatlar — Verografin, Triombrast, Urotrast və ya Kardiotrast istifadə edilir. Onların yeridilməsindən əvvəl, mütləq qaydada dəridaxili həssaslıq sınağı qoyulmalıdır, çünki, bu preparatlar çox ciddi allergik reaksiyalar verə bilər.
  • Fiziki faktorların təsir dərəcələri (radiasiya). US-QSQ ultrasəs dalğalarının təsir effektinə əsaslanır, hansı ki, cinsiyyət orqanlarına mənfi təsir göstərmir. Baxmayaraq ki, rentgenoloji QSQ zamanı rentgen şüalarından az dozada istifadə olunur, ancaq, təkrar müayinələrdə yumurtalıqlara ümumi bioloji təsir artmış olur. Buna görə də, yalnız sonrakı menstrual tsikldə hamilə qalmaq üçün cəhd etmək məsləhət görülür.