Vitamin D - D vitamini çatışmazlığı - Ramin Məmmədzadə (Endokrinoloq)
Vitamin D nədir, çatışmazlığı nələrə səbəb olur?
Yağda həll olan D vitamini (sekosteroid hormonu da, adlandırılır), bitki mənşəli ergosterol (vit-D2) və heyvan mənşəli 7-dehidroxolesteroldan alınan xolekalsiferol (vit-D3) kimi təsnif edilir. D2 və D3 vitaminləri eyni yolla metabolizə olunur və əvvəlcə qaraciyərdə sitoxrom P450 vasitəsiylə 25- (OH) D3-ə çevrilir, ardından böyrəklərə nəql olunur və D vitaminin aktiv forması olan 1,25- (OH) 2 D3-ə çevrilir. Eyni yolla metabolizə olunsalar da, mənbələri fərqlidir. Bitki mənşəli D2 vitamini (ergosterol) daha çox maya və göbələkdə rast gəlinsə də, qida vasitəsilə orqanizm üçün lazımi qədər təmin etmək çox çətindir. Heyvan mənşəli D3 (xolekalsiferol) isə daha çox, yağlı balıqlarda, yumurta sarısında və heyvanların qaraciyərlərində rast gəlinir.
D VİTAMİNİ MƏNBƏYİ NƏDİR?
D vitaminin miqdarının qidalarda az olması səbəbindən, orqanizm üçün lazım olan miqdarın çox az bir hissəsi (10-20% ) yeməklərlə qəbul edilir. Əhəmiyyətli bir hissəsi (80-90%) UVB şüalarının təsiri altında dəridə sintez olunur. Sintez üçün günəş işığının dəriyə birbaşa təması lazımdır. Günəş şüalarının dünya üzərinə gəlib çatdığı ən yüksək bucaq, Zenith bucağı adlandırılır və bu bucaq altında D vitamini sintezi daha yüksək olur. Ölkəmizin coğrafi mövqeyi baxımından vitamin D sintezi May-Oktyabr ayları ən uyğun zamandır. Günəşin ultrabənövşəyi süalarının daha şiddətli olduğu vaxt, saat 10.00-15.00 arasında olduğundan, bu saatlarda D vitamini sintezi üçün günəşə çıxmaq tövsiyyə olunur. Faktor səviyyəsi 15 və ya yuxarı olan günəşdən qoruyucu kremlərin istifadəsi günəş şüalarının dəriyə çatmasının qarşısını alır.
Bədənimizdə D vitaminin düzgün miqdarını göstərən ən yaxşı parametr, serum 25 (OH) D vitamini analizidir. Qanda 25 (OH) D vitaminin optimal və çatışmayan səviyyələri aşağıdakı kimidir:
- 30-100 ng / ml (75 nmol / L) arasındakı səviyyə kifayətdir
- 20-30 ng / ml (50-75 nmol / L) arasındakı səviyyə qeyri-kafidir
- 10-20 ng / ml (50 nmol / L) arasındakı səviyyə aşağı səviyyədə çatışmazlıq
- 10 ng / ml – > (25 nmol / L) səviyyə ciddi çatışmazlıq
D vitaminin aktiv metaboliti olan 1,25(OH)2 D3 -ün, yetişkinlərdə və xüsusilə uşaqlarda, serum kalsium dəyərini normada saxlamaqla, duodenumdan Ca, ileumdan ise P sorulmasını artırır.Bundan əlavə böyrəklərdəki Ca itkisinin qarşısını almaqla sümük sisteminin mineralizasiyasında aktiv rol oynayır. Orqanizmi əzələ zəifliyindən qoruyur, ürək döyüntüsünün tənzimlənməsində təsirli olur, immun sistemini gücləndirir və tiroid funksiyalarını normallaşdırır.
D VİTAMİNİ ƏKSİKLİYİ ZAMANI MÜŞAHİDƏ OLUNAN ŞİKAYƏTLƏR:
D vitamini çatışmayan insanların şikayətləri əsasən-saç tökülməsi, sümük-əzələ və oynaq ağrıları, həddindən artıq tərləmə, dəri quruluğu, yorğunluq, halsızlıq, depressiv hallar, immun sistemin zəifləməsi, metabolizmanın zəifləməsidir (çəki verə bilməmək).
Qanda vitamin D yoxlanılması gərəkən yüksək risk grupu sayılan insanlar:
- Yaşlılar
- Tünd rəngli dəri tipinə sahib olanlar
- Obezlər (artıq çəkili insanlar)
- Yetərli dərəcədə günəş şüası qəbul etməyənlər
- Osteoporozlu (sümük əriməsi) xəstələr
- Qeyri-travmatik (spontan) sınıqları olanlar
- Osteomalaziya
- Malabsorbsiya sindromları
- Xronik böyrək çatışmazlığı
- Xronik qaraciyər xəstəlikləri
- Hiperparatiroidi
- Şəkərli Diabet
- İnsulin dirənci
- Qalxanabənzər vəzin autoimmun xəstəlikləri
VİTAMİN D ÇATIŞMAZLIĞI ZAMANI MÜALİCƏ
Müalicədə hədəf, yetişkinlərdə serum 25(OH) D miqdarını 30-50 ng/mL səviyyəsində tutmaqdır. 25(OH) D vitaminin miqdarı 10-20 ng/mL olan insanlarda vitamin D yükləməsi edilməlidir. Bunun üçün, 50.000 IU/həftə, 6-8 həftə müddətində D vitamini verilməlidir və serum 25(OH) D miqdarının 30 ng/mL və üzərində olması hədəflənməlidir. Bundan sonra günlük doza ilə davam edilməlidir. Bunun üçün 1000-2000 İU/gün doza qəbul edilməlidir. Günlük maksimal doza isə 4000 İU/gündür.
- 0-1 yaş uşaqlarda profilaktik doza 400-600 İU/gün 1-18
- yaş uşaqlarda 600-1000 İU/gün >18
- şəxslərdə 1500-2000 İU/gün
Xüsusi hallarda, o cümlədən obez və malabsorbsiya sindromu olan xəstələrdə, həmçinin vitamin D metabolizmasını pozacaq digər dərmanların qəbulu zamanı isə xəstənin vəziyyətindən və qanda serum 25(OH) D dəyərindən asılı olaraq xəstələrə həkim nəzarətində daha yüksək dozalar təyin edilə bilər.